Azərbaycan Texniki Universitetində (AzTU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Kadr İndeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib.
Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev və hər iki tərəfdən aidiyyəti üzrə nümayəndələr iştirak edib.
Məlumat verilib ki, ilkin olaraq layihədə universitetin iki fakültəsindən ikinci kursda təhsil alan 65 tələbə iştirak edib və 7 istiqamətdə onların qeyri-akademik fəaliyyətləri qiymətləndirilib. Növbəti mərhələ olaraq isə layihəyə cəlb olunan tələbələrin fərdi inkişafına dəstək məqsədilə tədbirlər planı hazırlanacaq.
Qeyd edək ki, 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanan “Kadr İndeksi”nin məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəriciləri ölçmək, səriştələrarası balansı qiymətləndirmək, tələbələrin fərdi inkişafına yönəlik sistemli yanaşmanı formalaşdırmaqdır.
Gələcəkdə layihənin genişləndirilərək AzTU-nun digər fakültələrində də həyata keçirilməsi nəzərdə tutulur.