İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə AzTU-da “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin superfinal turu keçirilib.
Müsabiqədə Respublikanın müxtəlif bölgələrindən 100-ə yaxın şagird (1-9-cu siniflər) iştirak edib. Bu müsabiqədə şagirdlərin alqoritmik təfəkkürləri və kompüter vərdişləri yoxlanılıb və avtomatik qiymətləndirilib. Müsabiqə bebras.az portalı vasitəsilə keçirilib. İştirakçılara sualları cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib. Yekun olaraq “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin hər yaş kateqoriyası üzrə ilk üç yerin qalibləri müəyyənləşdirilib.
Qeyd edək ki, müsabiqənin 2024-cü ilin dekabr ayında onlayn formatda keçirilmiş təsnifat mərhələsində Azərbaycanın 69 bölgəsindən 376 ümumtəhsil məktəbinin 1–10-cu siniflərini təmsil edən 17.564 şagird iştirak edib. Nəticədə 667 şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb. 12 aprel 2025-ci il tarixində AzTU-da keçirilmiş yarımfinal mərhələsində isə 418 şagird iştirak edib, onlardan 100-ü final mərhələsinə yüksəlib.
2024-cü ildə dünya üzrə 80-dən çox ölkədən təqribən 3.900.000 şagird “Bebras” müsabiqəsində iştirak edib. Qeyd edək ki, bu müsabiqə Azərbaycanda 2014-cü ildən etibarən təşkil olunur.
11–15 may 2025-ci il tarixlərində Cənubi Koreyanın Seul şəhərində keçirilmiş beynəlxalq “Bebras” konfransında ölkəmiz tamhüquqlu üzv statusu qazanıb.
Müsabiqənin əsas məqsədi interaktiv və maraqlı məsələlər vasitəsilə şagirdlərdə informasiya texnologiyaları və kompüter elmlərinə marağın artırılmasıdır.