“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı ictimai birliyinin “Elm və İnnovasiya” proqramının təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi ilə “Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu” keçirilib.
Tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, onların elm sahəsində aparıcı mövqe tutmaqlarına istiqamət vermək, həmçinin elmi araşdırmaların və sərbəst məqalə yazmağın əsaslarını öyrətmək məqsədilə həyata keçirilmiş forumda ali təhsil müəssisələrinin təbiət elmləri ixtisaslarında bakalavriat və magistratura səviyyələrində təhsil alan 80 tələbə iştirak edib.
Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı Rəsul Həşimov tələbələri salamlayıb və elm yolunda daim öz üzərində çalışan tələbələrin fəaliyyətinin təqdirə layiq olduğunu qeyd edərək ölkəmizdə tələbələr üçün yaradılan bir çox təhsil imkanlarına əlçatanlıqdan bəhs edib.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı ictimai birliyinin sədri Leyla Zeynalova forumun elm sahəsindəki gələcək liderləri bir araya toplamaq, həmçinin tələbələri öyrətmək və ilhamlandırmaq məqsədilə təşkil edildiyini vurğulayıb.
“Yeni nəsil elmdə səyahət”, “Məqalə yazmaq sənəti”, “İnnovasiya və gələcəyə yönəlik həllər” mözularında keçirilən panel sessiyalarda forum iştirakçılarının sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.
Qeyd edək ki, forum çərçivəsində elm və innovasiya sahəsindəki geniş spektrdəki tədqiqatları və ideyaları özündə əks etdirən 9 poster təqdimat sərgilənib və spikerlər tərəfindən dəyərləndirilib.