Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə AzTU-da “Falling Walls Lab” beynəlxalq müsabiqəsi təşkil olunub. Tədbir DAAD-nin AzTU-da fəaliyyət göstərən mühazirəçisi Klaudio Kasperl və AzTU əməkdaşlarının birgə dəstəyi ilə ərsəyə gəlib. 60-a yaxın ölkədə təşkil olunan layihənin əsas məqsədi müstəsna yaradıcı ideyaları təbliğ etmək və elmin bütün sahələrindən perspektivli gənc alim və tələbələri qlobal səviyyədə tanınmış platformada birləşdirməkdir. Müsabiqə iştirakçılarına öz tədqiqatlarını, biznes modellərini və ya təşəbbüslərini həmyaşıdlarına, yüksək səviyyəli münsiflər heyətinə və geniş ictimaiyyətə təqdim etmək imkanı yaradılır.
“Falling Walls Lab” beynəlxalq müsabiqəsinin Azərbaycanda keçirilən yekun tədbirini giriş sözü ilə açan AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli tədbir iştirakçılarını salamlayaraq müsabiqənin əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, bu cür beynəlxalq müsabiqələr Azərbaycan tədqiqatçıları üçün bütün yaradıcılıq imkanlarının ortaya qoyulmasına xidmət edən fürsətlərdir. Yaradılmış bu cür imkana görə o, Alman Akademik Mübadilə Xidməti və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinə təşəkkürünü ifadə edib.
Klaudio Kasperl bildirib ki, “Falling Walls Lab” müsabiqəsi bu il ilk dəfə olaraq Azərbaycandan müraciət etmiş fərdi tədqiqatçılar və tələbələr üçün açıq elan olunub. Müsabiqəyə ümumilikdə 80 layihə ideyası daxil olub və namizədliyi təsdiq edilmiş müsabiqə iştirakçılarına əvvəlcə təqdimat bacarıqları üzrə (piching) onlayn təlimlər keçirilib. AzTU, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, UFAZ, Azərbaycan Milli Elmlər Akademiyasının gənc tədqiqatçılarından ibarət 19 layihə müəllifi yekun mərhələyə vəsiqə qazanaraq AzTU-da keçirilən yekun tədbirdə öz ideyalarını 3 dəqiqə ərzində təqdim edib.
Daha sonra Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Schwarz, Alman Akademik Mübadilə Xidmətinin Tbilisidəki Regional Ofisinin rəhbəri Gebhard Reul və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Nargis Wieck çıxış edərək müsabiqə iştirakçılarına uğurlar diləyiblər.
Müsabiqənin yekun mərhələsində iştirak etmiş namizədlərin layihələrini Azərbaycanın ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye müəssisələrindən ibarət olan münsiflər heyəti qiymətləndirib. Qiymətləndirmə layihə ideyasının orijinallığı, innovativliyi və sahəyə faydalılığı, layihə ideyasının uyğunluğu və hədəf auditoriyasına təsir gücü və layihənin təqdim olunma səviyyəsi kimi meyarlar əsasında aparılıb.
Bakı Ali Neft Məktəbini təmsil edən tədqiqatçı Zərifə Abdullayeva “Dayanıqsız tikintiyə dayanıqlı çözüm” (“Breaking Walls of Unsustainable Construction”) layihəsi ilə müsabiqənin Azərbaycan üzrə qalibi seçilib. Qalib layihə binaların uzunömürlülüyünü artıran, onların təmir xərclərini azaldan və betonun özünü bərpasına imkan verərək CO2 emissiyalarını azaldan bioaktiv hidrogel kapsullarının işlənməsini əhatə edir. Qalib iştirakçı 2025-ci ilin noyabrın 6-da Berlində keçiriləcək müsabiqənin böyük final mərhələsində öz layihəsi ilə Azərbaycanı təmsil edəcək.