“Alstom” şirkətinin 2022-2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasında təhsil alan tələbələri üçün təşkil etdiyi təlimlər başa çatıb. Təlimləri uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon, Təhsilin İnkişafı Fondunun, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Təhsil Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və universitetin nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan “Alstom” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov AzTU ilə şirkətin əməkdaşlığı barədə məlumat verib. Bildirib ki, şirkətin AzTU ilə əməkdaşlığı 2016-cı ildən başlanıb. 2021-ci ildə tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Elşən Zeynalov qeyd edib ki, sertifikat alan tələbələr ümumilikdə 14 nəfərdir. Onlardan 10-u AzTU-nun, 4-ü isə Milli Aviasiya Akademiyasının tələbələridir. Şirkət rəsmisi hazırda AzTU məzunlarının “Alstom” da uğurla fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.
“Alstom” şirkətinin təlimlərini uğurla başa vuran tələbələri təbrik edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, ötən il universitetdə şirkətin tədris mərkəzi fəaliyyətə başlayıb. Mərkəz son bir il ərzində dəmiryolu mühəndisliyi istiqamətində yüksək ixtisaslı kadrların hazırlanması üçün mühüm işlər görüb. Rektor qeyd edib ki, sertifikat alan tələbələrdən 4-ü MAA tələbəsidir. AzTU-nun MAA ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini genişləndirdiyini diqqətə çatdıran rector akademiya ilə birgə layihələr həyata keçirildiyini də əlavə edib. Rektor ölkədə nəqliyyat, xüsusilə dəmiryolunun inkişafı istiqamətində aparılan islahatlardan da danışıb.
Çıxışını Azərbaycan dilində səsləndirən Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon “Alstom” şirkəti ilə AzTU əməkdaşlığının mühəndis kadrların hazırlanması istiqamətində mühüm addım olduğunu vurğulayıb. Dəmiryolu sahəsinin inkişafının ölkə iqtisadiyyatına faydalarından danışan xanım səfir bu mənada yüksəkixtisaslı kadrların hazırlanmasına hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Təlimlərdə iştirak edən tələbələri təbrik edən səfir onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Nərgiz İsmayılova AzTU-nun universitet-sənaye işbirliyi istiqamətində gördüyü işləri müsbət qiymətləndirib. Bildirib ki, digər universitetlərin də bu istiqamətdə fəaliyyətləri yüksəkixtisaslı kadrların hazırlanması baxımından faydalı ola bilər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin rəisi Ceyhun Nağıyev gənc dəmiryolçuları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda tələbələrə sertifikat təqdim olunub.