Oktyabrın 15-dən 18-dək paytaxtda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" mövzusunda təlimi keçiriləcək.
Təlim proqramının açılış mərasimində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev iştirakçıları salamlayıb və bildirib ki, dörd gün ərzində keçiriləcək proqramda dövlət qurumlarından seçilmiş mütəxəssislər və ali təhsil müəssisələrindən ayrılan professor-müəllim heyətinə Türkiyənin bir sıra nüfuzlu universitetlərinin alimləri tərəfindən yüksək səviyyəli təlimlərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev bildirib ki, informasiya təhlükəsizliyi sadəcə texnoloji məsələ deyil, həmdə ciddi iqtisadi nəticələr doğurur. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi dayanıqlı iqtisadi inkişafı təmin edən mühüm elementlərdən biridir.
"Texnologiyaların inkişafı getdikcə yeni mübarizə üsullarının ortaya qoyulmasını tələb edir. Belə məqamda süni intellekt əsaslı texnologiyalar təhdidlərin müəyyən olunması və onların gələcək proqnozlaşdırılması ilə bağlı ciddi məqamlar ortaya qoyur. Bu, hücumların həm spesifikasının formalaşması və təyin olunması eyni zamanda onunla mübarizənin kifayət qədər yeni üsullarının ortaya çıxmasını tələb edir. Bu istiqamətdə universitetlərin və tədqiqat mərkəzlərinin rolu kifayət qədər artır, onların sənaye və müəssisələrlə daha ciddi əməkdaşlığı zərurəti ortaya çıxır", - deyə rektor qeyd edib.
TÜBİTAK BİLGEM Mərkəzinin rəhbəri Ali Görçin simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsullarında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bunun gələcəkdə süni intellektə əsaslanan kiberməhsulların ərsəyə gəlməsində vacib rolunu qeyd edib.
Təlim proqramında “Kriptoqrafiyanın əsasları və şəbəkə təhlükəsizliyi”, “Simsiz kanallarda kibertəhlükəsizlik təhdidləri”, “Fiziki səviyyədə kiberhücumlar”, “Simsiz infrastrukturlarda yeni kibermüdafiə strategiyaları” və “Simsiz şəbəkələr, o cümlədən 5G şəbəkələrinin təhlükəsizliyi” kimi mövzular əhatə olunacaq. Təlim süni intellektin dəstəyi ilə kibermüdafiə sahəsində bilik, təcrübə və innovativ həll yollarının mübadiləsini təmin edəcək.
Qeyd edək ki, layihə NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib.