Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə məlumatlandırıcı sessiya keçirilib.
Energetika fakültəsinin TEC sədri, Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev TEC-in strukturu, üzvlük qaydaları, missiyası və vizyonu barədə məlumat verib. O, fakültə TEC-in məqsədlərini də diqqətə çatdırıb. Bildirib ki, tələbələri elmi-tədqiqat fəaliyyətinə sistemli şəkildə cəlb etmək, startap və innovasiya yönümlü layihələri dəstəkləmək və fakültədə güclü tələbə elmi ekosistemi formalaşdırmaq əsas fəaliyyət istiqamətlərindəndir.
Tədbirdə fakültənin tələbələrdən ibarət 6 komandası öz startap layihələrini təqdim ediblər.
Təqdimat zamanı tələbələr real problemlərin həllində istifadə oluna biləcək mühəndislik həlləri təklif ediblər.
Sonda Energetika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev çıxış edərək, TEC-in fakültə həyatında rolunu vurğulayıb. Qeyd edib ki, belə formatlı infosessiyalar və startap təqdimatları tələbələrin həm elmi-tədqiqat, həm də innovasiya və komanda işi bacarıqlarının inkişafına ciddi töhfə verəcək və fakültə rəhbərliyi tərəfindən davamlı şəkildə dəstəklənəcək.
İnfosessiya sual-cavab formatında davam edib.