Azərbaycan Texniki Universiteti (AzTU) və “Dithari Technologies” şirkətinin əməkdaşlığı çərçivəsində universitetdə DISC (Digital Innovation, Sustainability & Circularity) İnnovasiya və Dayanıqlılıq Laboratoriyası fəaliyyətə başlayıb.
Məqsəd rəqəmsal innovasiya, dairəvi iqtisadiyyat və dayanıqlı İT sahələrini inkişaf etdirmək, həmçinin tələbələr, müəllim heyəti və geniş ictimaiyyət üçün bu istiqamətlərdə əlçatan və açıq praktiki mühit formalaşdırmaqdır.
Yeni laboratoriya elektron tullantıların azaldılması, İT avadanlıqlarının bərpası və təkrar istifadəsi, yaşıl texnologiyalar və dayanıqlı istehsal modelləri üzrə tədris və tədqiqat imkanı yaradır. DISC laboratoriyası AzTU tələbələri və əməkdaşları ilə yanaşı, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin və sözügedən sahəyə marağı olan şəxslərin də istifadə edə biləcəyi açıq platforma rolunu oynayacaq.
Laboratoriyanın açılış mərasimində qeyd olunub ki, laboratoriyanın istifadəyə verilməsi universitetdə dayanıqlı inkişaf və rəqəmsal transformasiya strategiyasını gücləndirir, tələbələrin praktiki bacarıqlarını artırır və sənaye ilə akademiyanın əməkdaşlığını genişləndirir. Bu təşəbbüsün ölkədə ekoloji məsuliyyətli innovasiyaların inkişafına töhfə verəcəyi vurğulanıb.
Laboratoriyada elektron tullantıların təkrar emalı və avadanlıqların bərpası üzrə praktiki təlimlər, dairəvi İT və dayanıqlı texnologiyalar üzrə tədris və tədqiqat layihələri, tələbə və startap komandaları üçün innovasiya və inkubasiya dəstəyi, sənaye tərəfdaşları ilə birgə pilot layihələr və seminarlar, sahə üzrə mütəxəssislər və ictimaiyyət üçün tematik görüş və təlimlər həyata keçiriləcək.
Qeyd edək ki, DISC laboratoriyasının fəaliyyəti BMT Dayanıqlı İnkişaf Məqsədlərinin bir sıra bəndlərinə uyğundur:
SDG 4 – Keyfiyyətli Təhsil: Tələbələr üçün innovativ tədris və praktiki məşğələlər.
SDG 9 – Sənaye, İnnovasiya və İnfrastruktur: Yeni texnoloji həllərin işlənməsi və tətbiqi.
SDG 12 – Məsuliyyətli İstehlak və İstehsal: Elektron tullantıların azaldılması və dairəvi İT modelləri.
SDG 13 – İqlim Dəyişikliyi ilə Mübarizə: Yaşıl yanaşmaların və ekoloji məsuliyyətin təşviqi.