Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq elmi nəşriyyat və analitik xidmətlər üzrə aparıcı qurumlardan biri olan “Elsevier” şirkəti ilə əməkdaşlıq çərçivəsində SciVal elmi-analitik platformasına çıxış əldə edib. Bu məqsədlə tərəflər arasında müvafiq müqavilə imzalanıb və sözügedən sənədə əsasən AzTU-nun akademik və inzibati heyəti üçün SciVal platformasından istifadə imkanları yaradılıb.
SciVal platforması ali təhsil və elmi-tədqiqat müəssisələrində elmi fəaliyyətin kəmiyyət və keyfiyyət göstəricilərinin təhlili, institusional performansın qiymətləndirilməsi, elmi əməkdaşlıq şəbəkələrinin müəyyənləşdirilməsi, habelə tədqiqatların qlobal elmi mühitdə mövqeyinin monitorinqi məqsədilə geniş şəkildə tətbiq olunan beynəlxalq analitik alətdir. Bu platformadan istifadə AzTU-da elmi tədqiqatların idarə olunması prosesinin təkmilləşdirilməsinə, strateji planlaşdırmanın məlumat əsaslı yanaşma üzərində qurulmasına və universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsinə xidmət edəcək.
Əməkdaşlıq çərçivəsində 15 dekabr 2025-ci il tarixində “Elsevier” şirkətinin nümayəndəsi Saida Sak tərəfindən Azərbaycan Texniki Universitetinin rəhbər heyəti üçün SciVal platformasının funksional imkanlarına həsr olunmuş təlim sessiyası keçirilmişdir. Təlim zamanı platformanın əsas modulları, göstəricilər sistemi, elmi məhsuldarlığın ölçülməsi metodologiyası, eləcə də universitet səviyyəsində qərar qəbuletmə proseslərində SciVal analitik göstəricilərindən istifadənin mexanizmləri ətraflı şəkildə izah edilib.
Təlim sessiyası çərçivəsində SciVal platformasının AzTU-da elmi fəaliyyətin qiymətləndirilməsi, prioritet tədqiqat istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi və akademik idarəetmənin səmərəliliyinin artırılması baxımından yaratdığı imkanlar xüsusi vurğulanıb. Eyni zamanda, platformanın təqdim etdiyi analitik məlumatların universitetin elmi strategiyasının formalaşdırılmasında və icrasında mühüm rol oynayacağı qeyd edilib.
Qeyd edək ki, növbəti mərhələdə AzTU-nun akademik heyəti üçün SciVal platformasından istifadə ilə bağlı əlavə təlimlərin və metodiki dəstək mexanizmlərinin təşkili nəzərdə tutulur. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər universitetin elmi-tədqiqat fəaliyyətinin beynəlxalq elmi məkanla daha sıx inteqrasiyasına töhfə verəcək.