Azərbaycan Texniki Universitetində (AzTU) AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində işgüzar görüş keçirilib.
Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor Nuran Abdullayev, “Philips” şirkətinin regional meneceri Nigar Zeynalova, “Acandis” şirkətinin nümayəndəsi Kılıckap Andas və universitetin nümayəndələri iştirak edib. Görüş zamanı AzTU-da keçirilən beynəlxalq forumun əhəmiyyəti vurğulanıb, həmçinin forumun Azərbaycan-Almaniya əlaqələrinin daha da inkişafına töhfə verəcəyi qeyd olunub. Həmçinin elmi-tədqiqatlar və kadr hazırlığı istiqamətində əməkdaşlıqlara dair layihələr müzakirə edilib.
Daha sonra AzTU ilə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.