Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Code For Future” layihəsinin növbəti məzun günü keçirilib

AzTU-da “Code For Future” layihəsinin növbəti məzun günü keçirilib

23.04.2025     38     AzTU

“Code Academy”nin “Code For Future” layihəsinin növbəti məzun günü keçirilib.

Tədbiri giriş sözü ilə açan AzTU SABAH qruplarının rəhbəri Aytən Sadıqova “Code for Future” layihəsinin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını bildirib.

İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin dekan müavini Aytən Mövsümova məzunları təbrik edib və layihə çərçivəsində qazanılmış bilik və bacarıqları gələcək həyatlarında inkişaf etdirərək ölkənin texnologiya sahəsində yeniliklər edə biləcəklərini vurğulayıb.

“Code for Future” layihəsinin baş koordinatoru Asya Rüstəmova, “Code Academy”nin biznesin inkişafı üzrə baş direktoru və Akademik şöbənin rəhbəri Tuğrul Kapucuoğlu məzunları təbrik edib və tələbələrə uğurlar arzulayıblar. Bildirilib ki, AzTU-nun III və IV kurs tələbələri layihə çərçivəsində proqramlaşdırma və kibertəhlükəsizliyin əsasları “bootcamp”larına müraciət edib, daha sonra seçilmiş tələbələrə 1 semestrlik dərslər keçirilib və final iş kimi tələbələr 21 gün ərzində öz praktiki layihələrini hazırlayıblar.

“Code Academy”nin layihələrin idarə edilməsi üzrə aparıcı mütəxəssisi Ülvi Səfərli qeyd edib ki, iki semestr ərzində AzTU-nun tələbələri heç də asan olmayan 207 beynəlxalq dərəcəli sertifikat (Certiport - HTML and CSS, Certiport - Networking, Cisco CCST Networking, Cisco CCST Cybersecurity, Cisco CCNA, Fortinet Certified Fundamentals, Fortinet Certified Associate, CompTIA Core 1, CompTIA Core 2, RHCSA (Red Hat Certified System Administrator)) qazanıblar. 

Daha sonra ən yaxşı layihələrin müəllifləri olan AzTU tələbələri təqdimatlarla çıxış ediblər. AzTU-nun informasiya texnologiyaları ixtisasının tələbəsi Orxan Kərimov https://lix.az/ layihəsini təqdim edərək bildirib ki, sayt linklərin qısaldılması, müxtəlif qurumlara, bizneslərə rəqəmsal formada dəstək barədə platformadır.  AzTU-nun informasiya təhlükəsizliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələri Nihad Əlizadə və Toğrul Hacıyev Laçın şəhəri üçün düşünülmüş kibertəhlükəsizlik və logistik məsələlərinin həllinə dair “Zabux Logistics” layihəsini təqdim ediblər. AzTU-nun kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Mirhüseyn Talıbzadə isə “Voxafly” layihəsini təqdim edərək vurğulayıb ki, burada insanlar süni intellektin dəstəyi ilə səsli formada səyahətlər üçün bilet bron edə, uçuş və hava yolu ilə səfərlər barədə müxtəlif məlumatlar və tövsiyələr əldə edə bilərlər.

Elm və Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilən “Code Academy”nin “Code For Future” layihəsinin icrasına ilk dəfə 2021-ci ildə AzTU-da başlanılıb. Layihə çərçivəsində AzTU-da ümumilikdə 1211 tələbə təhsil alıb, əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşaraq bir sıra üstünlüklərə sahib olublar.

Tədbirin sonunda “Code For Future” layihəsinin 2023-2024 yaz və 2024-2025 payız semestri üzrə məzun olmuş 247 AzTU tələbəsinə diplom (150 nəfər), yüksək şərəf diplomu (35 nəfər), şərəf diplomu (61 nəfər) və iştirak sertifikatları təqdim olunub.


Related news