Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində bu ölkənin bir sıra ali təhsil müəssisələrində görüşlər keçirib.
Səfər çərçivəsində AzTU nümayəndə heyəti Almatı şəhərində Məhəmmədcan Tınışbayev adına ALT Universiteti, Beynəlxalq Nəqliyyat və Humanitar Elmlər Universiteti, həmçinin Turan Universitetini ziyarət edib.
Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunub. AzTU nümayəndə heyəti Məhəmmədcan Tınışbayev adına ALT Universitetinin laboratoriyaları və auditoriyaları ilə tanış olub.
Beynəlxalq Nəqliyyat və Humanitar Elmlər Universiteti və Turan Universiteti ilə görüşlər çərçivəsində isə AzTU ilə sözügedən ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb. İmzalanan sənədlər elm, təhsil, tələbə-müəllim mübadiləsi və birgə layihələrin həyata keçirilməsini əhatə edib.
Qeyd edək ki, rektorun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov təmsil olunub.