Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının dosenti, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Sarvan Əzizin rəhbərlik etdiyi “ZAFER” komandası Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən 2025-2026-cı akademik ili çərçivəsində elan edilən “TUSAŞ Lift Up 2025 Sənaye Yönümlü Buraxılış İşi – Məzun Layihələri” müsabiqəsinin qalibi olub.
AzTU-nun ümumilikdə 5 tələbəsinin təmsil olunduğu “ZAFER” komandası “Konik dişli çarxların pardaqlanma parametrlərinin optimallaşdırılması” mövzusunda layihə işini yerinə yetirəcək. TUSAŞ-ın dəstəyi ilə həyata keçirilən layihənin sənaye məsləhətçisi Bahadır Kartaldır.
“ZAFER” komandasının kapitanı Maşınqayırma və metallurgiya fakültəsinin Cihaz mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Rüfət Dadaşzadə, komanda üzvləri isə Aysel Muradova, Nəsib Abdullayev, Fatimə Mahmudova və Nərmin Kərimlidir.
Qeyd edək ki, Azərbaycan Texniki Universiteti tələbələrindən ibarət komandalar bu müsabiqədə 2023/2024-cü tədris ilindən iştirak edirlər. AzTU-nun TUSAŞ-la əməkdaşlığı isə 2022-ci ildən qurulub. “TUSAŞ Lift Up Sənaye Yönümlü Buraxılış İşi – Məzun Layihələri” müsabiqəsi AzTU-nun bakalavriat səviyyəsində mühəndislik istiqamətində təhsil alan tələbələrin komanda formalaşdırmaqla iştirakını təmin edir.
Layihə işinin koordinasiyasını AzTU-nun Ömürboyu Öyrənmə Məktəbi həyata keçirir.