Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalıya qayıdış” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov Xocalı soyqırımının bəşər tarixinin ən dəhşətli faciəsi olduğunu qeyd edib. Prorektor anım tədbirində kədər və qürur hissələrinin eyni anda yaşandığını və Xocalı qurbanlarının ruhunun şad olduğunu qeyd edib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, Azərbaycan ordusunun gücü və yenilməzliyi sayəsində 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycanın hər yerində, o cümlədən Xocalıda Azərbaycan bayrağı dalğalanır.”
Daha sonra AzTU tələbələrinin hazırladığı “Xocalıya qayıdış” tamaşası nümayiş olunub. Tamaşanın əvvəlində hadisələr 1992-ci ilin fevral ayında Xocalıda cərəyan edir. Axşam evində şam yeməyi yeyən ailə qəflətən Ermənistan silahlı dəstələrinin hücumuna məruz qalır. Bir övladın gözləri önündə ana-atası vəhşicəsinə qətlə yetirilir. İntiqam hissi ilə yaşayan övlad böyüyüb boya-başa çatır və illər sonra komandir kimi əsgər yoldaşları ilə Xocalıya qayıdır. Burada onun atası ilə bağlı xatirələri yada düşür. Tamaşa “Qarabağ atı, Qarabağ igidləri də Xocalıya döndü, ata. Ruhun yəqin ki şaddır!” cümləsi ilə bitir. Tədbir çərçivəsində tələbələrin ifasında Xocalıya həsr olunmuş şeirlər də səsləndirilib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.