Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində Startap Günləri keçirilib. İki gün davam edən proqram çərçivəsində tələbələr innovativ ideyalarını təqdim edib, ekspert və mentorlarla sıx əməkdaşlıq şəraitində layihələrini inkişaf etdiriblər.
Tədbirin ilk günü iştirakçıları salamlayan Azərbaycan İnternet Forumunun prezidenti və “Startap Azərbaycan” platformasının rəhbəri Osman Gündüz ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və tədbirin əhəmiyyəti barədə danışıb. Daha sonra çıxış edənlər tələbələri qiymətləndirmə meyarları və növbəti mərhələlərin tələbləri barədə məlumatlandırıb.
AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev Startap Günlərinin ümumi konsepsiyası, mərhələləri və gözləntiləri barədə təqdimat edib, həmçinin tələbələrin suallarını cavablandırıb.
Tədbirin ilk günü tələbələrin təqdim etdiyi 16 layihə arasından 6 ideya seçilərək növbəti mərhələyə vəsiqə qazanıb. Seçilmiş ideyalar əsasında komandalar formalaşdırılıb və həmin komandalara mentor dəstəyi ilə layihələrini inkişaf etdirmək üçün şərait yaradılıb.
Tədbirin ikinci günü komandalar ekspert və mentorların iştirakı ilə layihələrinin prototipini və təqdimat strukturunu formalaşdırıb.
Komandalara layihə hazırlanması, düzgün istiqamətin müəyyən edilməsi, komanda işi, təqdimat texnikası və münsiflər qarşısında çıxış zamanı vacib məqamlar barədə geniş məsləhətlər verilib.
Komandalar layihələrini təqdim etdikdən sonra münsiflər heyəti (Orxan Əhmədov, Rəşad Əliyev, Fərid Kazımov, Günel Məmmədli, Aysel Sadıqova) layihələri innovativlik, aktual problemə yönəlmə, texniki əsaslandırma, komanda işi və reallaşdırma potensialı üzrə qiymətləndirib.
Nəticələrə əsasən, “Lingo Aİ” komandası 1-ci, “Cyber Defence with Aİ” komandası 2-ci, “Bridge to Abroad” komandası isə 3-cü yerə layiq görülüb.
Qaliblərə diplom və sertifikatlar təqdim olunub.