Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun təşkilatçılığı, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə tələbələr üçün orqan donorluğu mövzusunda maarifləndirmə tədbiri keçirilib. Məqsəd tələbələr arasında orqan donorluğu ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və bu sahədə ictimai şüurun formalaşdırılması olub.
AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli orqan donorluğunun mənəvi və sosial əhəmiyyəti barədə danışıb, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin önəmini vurğulayıb.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova orqan donorluğunun əhəmiyyəti, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər və tətbiq mexanizmləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda orqan donorluğu və transplantasiya sahəsi qanunvericiliklə tənzimlənir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva dünya ölkələrinin bu istiqamətdə təcrübəsini slaydlar formasında tələbələrin diqqətinə çatdırıb.
Tədbir sual-cavab formatında davam edib.