Azərbaycan Texniki Universitetində (AzTU) Azərişıq ASC-nin əməkdaşlarının tələbələrlə "Gələcəyin mühəndisləri: Universitet–Sənaye Əməkdaşlığının Müasir Trendləri" mövzusunda görüşü keçirilib.
AzTU-nun Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktor müavini Nicat Hüseynov universitet-sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayıb və bu cür tədbirlərin tələbələrin inkişafı və gələcək karyeraları üçün böyük fayda təmin edəcəyini qeyd edib.
Azərişıq ASC-nin Texnoloji İnnovasiyalar və Beyin Mərkəzinin müdiri Fərid Zalıyev təmsil etdiyi qurumun tətbiq etdiyi ən son innovativ texnologiyalar, rəqəmsallaşma sahəsində aparılan islahatlar və enerji sektorunda insan kapitalının inkişafı üzrə həyata keçirilən layihələr barədə geniş məlumat verib.
O həmçinin enerji sahəsində yeni tendensiyalar və bu istiqamətdə gənc mütəxəssislər üçün təqdim olunan karyera imkanlarından da danışıb.
Tədbirdə tələbələrə paylayıcı elektrik şəbəkələrində tətbiq olunan müasir sistemlər, "Ağıllı Şəbəkə" (Smart Grid) konsepsiyası, rəqəmsal idarəetmə platformaları və innovativ avadanlıqlar barədə ətraflı məlumat təqdim edilib. Bundan əlavə, düzgün peşə seçiminin əhəmiyyəti, mühəndislik sahəsində motivasiyanın rolu və müasir əmək bazarının tələbləri ətrafında fikir mübadiləsi aparılıb.
Tələbələrlə interaktiv müzakirə formatında davam edən görüşün sonunda suallar cavablandırılıb.