Azərbaycan Texniki Universitetində (AzTU) "Beyində icra olunan əməliyyatlarda süni intellekt texnologiyaları ilə təchiz olunmuş biotibbi sistemlərin tətbiqi" mövzusunda elmi-praktik tədbir keçirilib. Bu tədbir Dayanıqlı İnkişaf Məqsədi 9: Sənaye, İnnovasiya və İnfrastruktur çərçivəsində innovasiyaların təşviqi və qabaqcıl texnoloji infrastrukturun qurulması istiqamətində mühüm addımdır.
Tədbirdə müasir neyroradioloji müdaxilələrdə süni intellekt texnologiyalarının rolu, klinik qərarvermə proseslərinin optimallaşdırılması və biotibbi mühəndisliyin gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı universitet-sənaye işbirliyinin gücləndirilməsi və bilik və texnologiya transferinin sürətləndirilməsi zərurəti vurğulanıb.
Həmçinin AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun Almaniya ilə birgə həyata keçirə biləcəyi elmi və texnoloji layihələr də müzakirə olunub. Bu beynəlxalq əməkdaşlıq ölkədə rəqabətqabiliyyətli infrastrukturun yaradılmasına və qlobal innovasiya ekosisteminə inteqrasiyaya xidmət edir.
Tərəflər beynin cərrahi əməliyyatlarında süni intellekt texnologiyaları ilə təchiz olunmuş innovativ sistemlərin hazırlanması və klinik praktikaya inteqrasiyası istiqamətində birgə fəaliyyət barədə razılığa gəliblər. Bu razılaşma dayanıqlı sənayeləşmə prosesinin tibb sahəsində də reallaşmasına və yerli texnoloji imkanların genişlənməsinə təkan verəcək.
Xüsusilə vurğulanıb ki, bu əməkdaşlıq yalnız nəzəri tədqiqatlarla məhdudlaşmayacaq, real klinik ehtiyaclara cavab verən ciddi yeniliklərin ortaya qoyulmasını hədəfləyəcək. Beləliklə, tətbiqi tədqiqatların kommersiyalaşdırılması və yüksək texnologiyalı məhsulların istehsalı üçün zəmin yaranacaq.
Almaniyalı professorlar gələcəkdə mütəmadi olaraq AzTU-ya səfər edəcəklərini, aparılan tədqiqatlara yerində nəzarət etməyə və gənc tədqiqatçılarla birbaşa işləməyə hazır olduqlarını bildiriblər. Bu birbaşa mentorluq ixtisaslı işçi qüvvəsinin formalaşdırılmasına və ölkənin mühəndislik potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.
Tədbir çərçivəsində keçirilən vorkşopda beyin cərrahiyyəsində istifadə olunan yeni növ stentlər təqdim olunub. Sözügedən stentlər tromboz riskini azaldır və damara rahat uyğunlaşandır. Bu stentlər qabaqcıl material texnologiyalarının və süni intellektlə işlənmiş dizayn həllərinin nəticəsidir. Vorkşopda yeni növ stentlərin süni model üzərində tətbiqi nümayiş olunub ki, bu da tədqiqat infrastrukturunun inkişaf səviyyəsini göstərir.
Qeyd edək ki, tədbir Azərbaycan-Almaniya elmi əməkdaşlığının dərinləşdirilməsi, biotibbi mühəndislik və beyin əməliyyatları sahəsində beynəlxalq səviyyəli innovasiyaların ölkəmizdə formalaşması baxımından mühüm addım kimi qiymətləndirilir. Bu əməkdaşlıq ölkənin iqtisadi inkişafına və qlobal texnoloji rəqabətqabiliyyətliliyinə töhfə verməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına xidmət edir.