Azərbaycan Texniki Universitetində (AzTU) “Beyində icra olunan əməliyyatlarda süni intellekt texnologiyaları ilə təchiz olunmuş biotibbi sistemlərin tətbiqi” mövzusunda elmi-praktik tədbir keçirilib.
Tədbirdə müasir neyroradioloji müdaxilələrdə süni intellekt texnologiyalarının rolu, klinik qərarvermə proseslərinin optimallaşdırılması və biotibbi mühəndisliyin gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun Almaniya ilə birgə həyata keçirə biləcəyi elmi və texnoloji layihələr də müzakirə olunub.
Tərəflər beynin cərrahi əməliyyatlarında süni intellekt texnologiyaları ilə təchiz olunmuş innovativ sistemlərin hazırlanması və klinik praktikaya inteqrasiyası istiqamətində birgə fəaliyyət barədə razılığa gəliblər.
Xüsusilə vurğulanıb ki, bu əməkdaşlıq yalnız nəzəri tədqiqatlarla məhdudlaşmayacaq, real klinik ehtiyaclara cavab verən ciddi yeniliklərin ortaya qoyulmasını hədəfləyəcək.
Almaniyalı professorlar gələcəkdə mütəmadi olaraq AzTU-ya səfər edəcəklərini, aparılan tədqiqatlara yerində nəzarət etməyə və gənc tədqiqatçılarla birbaşa işləməyə hazır olduqlarını bildiriblər.
Tədbir çərçivəsində keçirilən vorkşopda beyin cərrahiyyəsində istifadə olunan yeni növ stentlər təqdim olunub. Sözügedən stentlər tromboz (qanın tromblaşması) riskini azaldır və damara rahat uyğunlaşandır. Vorkşopda yeni növ stentlərin süni model üzərində tətbiqi nümayiş olunub.
Qeyd edək ki, tətbiq Azərbaycan-Almaniya elmi əməkdaşlığının dərinləşdirilməsi, biotibbi mühəndislik və beyin əməliyyatları sahəsində beynəlxalq səviyyəli innovasiyaların ölkəmizdə formalaşması baxımından mühüm addım kimi qiymətləndirilir.