Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin beynəlxalq elmi və telekommunikasiya sahəsində əməkdaşlığı genişlənir. Fakültə əməkdaşlarının iştirak etdiyi “Orbital Sinergiya: Kosmik Rabitənin Qlobal Perspektivləri” mövzusunda beynəlxalq təlim-seminar Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-T və ITU-R) yeni inkişaf istiqamətləri və tövsiyələrinin təhlilinə həsr olunub. Beynəlxalq Peyk Rabitəsi rəhbərliyi tərəfindən təşkil olunan tədbirdə 8 ölkənin nümayəndələri iştirak edib.
Seminarda Əşyaların İnternetinə (IoT) peyk rabitəsi vasitəsilə qoşulma imkanları və problemləri, Avropa və Asiya üçün mobil şəbəkələrin D2D (Device-to-Device) prinsipləri əsasında tənzimlənməsi, həmçinin kosmik sistemlərdə kibertəhlükəsizlik riskləri mövzuları üzrə məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.
Təlim-seminarda fəal iştiraklarına görə fakültənin dekanı dosent Yadullah Babayev, professor Bayram İbrahimov və baş müəllim Malik Əliyevə ITU-nun beynəlxalq sertifikatı təqdim olunub. Bu seminar fakültənin beynəlxalq elmi nüfuzunun güclənməsi ilə yanaşı, universitetin qlobal kosmik və telekommunikasiya sahəsində əməkdaşlıq imkanlarını daha da genişləndirir.