Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Balakən rayonuna səfəri çərçivəsində rayonun təhsil ictimaiyyəti ilə görüşüb. Görüşdə məktəb və lisey direktorları, rayonda fəaliyyət göstərən tədris kurslarının rəhbərləri, gənclər təşkilatlarının nümayəndələri, müəllimlər, həmçinin qəbul imtahanlarında yüksək bal toplayan şagirdlər iştirak ediblər.
AzTU-nun rektoru Vilayət Vəliyev universitet haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. AzTU-nun hədəfi mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmaqdır. Rektor AzTU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbələr üçün yaradılan imkanlar, həyata keçirilən yeni layihələr barədə də ətraflı məlumat verib. Həmçinin universitetlə rayonun təhsil qurumlarının qarşılıqlı əməkdaşlığının gücləndirilməsinin faydalı olacağını diqqətə çatdırıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Murtuzəliyeva görüşün universitet-məktəb əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sonda rektor görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, AzTU-nun rəqəmsal transformasiya üzrə məşvərət şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova iştirak edib.