Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində Polşaya işgüzar səfər keçirilib. Səfər 24-28 iyun tarixlərində Polşanın Bydgoszcz İqtisadiyyat Universitetinin ev sahibliyi ilə təşkil olunub.
5 günlük təlim proqramının əsas məqsədi layihənin hədəflərinə uyğun olaraq ali təhsil sistemində sahibkarlıq təşəbbüsləri və təcrübələrinə dair xarici təcrübənin öyrənilməsi olub. Belə ki, təlimlər zamanı sahibkarlığın inkişaf etdirilməsində geniş istifadə olunan müasir üsul və mexanizmlər, o cümlədən dizaynyönümlü düşüncə, Canvas biznes modelinin qurulması, sahibkarlıq təşəbbüsləri vasitəsilə sosial məşğulluq mühitinin yaradılması, şəxsi brendinqin formalaşdırılması, vizual marketinqin həyata keçirilməsi, fərdi potensialın kəşf edilməsi, sahibkarlıq təhsilində innovativ tədris metodlarının tətbiqi üzrə bilik və təcrübələr əldə edilib. Eyni zamanda təlim proqramı çərçivəsində Bydgoszcz şəhərinin sahibkarlıq subyektləri, eləcə də Bydgoszcz Sənaye və Texnologiya Parkı ilə tanışlıq həyata keçirilib. Təlimlərin nəticəsi olaraq öz biznes ideyaları üzərində qrup işləri aparan universitet nümayəndələri təqdimatlarla çıxış edərək geniş təcrübə mübadiləsi aparıblar.
Azərbaycan Texniki Universitetinin (AzTU) təlimlərdə Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının professoru Fuad Qənbərov təmsil edib.
Proqrama uyğun olaraq təlimlərin yekununda iştirakçılara Bydgoszcz İqtisadiyyat Universiteti tərəfindən sertifikat təqdim olunub.