Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarında təhsil alan 3-cü və 4-cü kurs tələbələrinin karyera inkişafına dəstək və işə qəbul prosesi ilə bağlı maarifləndirici seminar təşkil olunub.
AzTU SABAH Mərkəzinin rəhbəri Aytən Sadıqovanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən seminar tələbələrin peşəkar inkişafına töhfə vermək məqsədi daşıyır.
AzTU-nun İnsan resurslarının idarəedilməsi departamentinin müdiri, Beynəlxalq Kouçluq Federasiyasının (ICF) Azərbaycan bölməsinin direktoru Aytən Şıxəliyeva işə qəbul mərhələlərinin mahiyyəti, CV və motivasiya məktubunun hazırlanması, müsahibə zamanı effektiv davranış strategiyaları, korporativ mühitə uyğunlaşma və şəxsi brendin formalaşdırılması kimi vacib məsələlər barədə tələbələrə məlumat verib.
Tədbir çərçivəsində tələbələrə real iş müsahibələrində tez-tez rast gəlinən suallar cavablandırılıb, işəgötürənlərin namizədlərdən gözləntiləri barədə praktiki məlumatlar təqdim olunub. Seminar interaktiv formatda keçirilib və tələbələrin sualları ətrafında geniş müzakirələr aparılıb.