6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “yay məktəbi” təşkil edilib. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilmiş “yay məktəbi”ndə həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin 120 tələbəsi, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və media nümayəndələri iştirak edib.
Tədbirdə AzTU-nu THİK sədri Mirməhəmməd Ələkbərli və THİK fəalları təmsil edib.
“Yay məktəbi” çərçivəsində sentyabrın 7-də “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev açaraq qeyd edib ki, hər ilin sentyabr ayında həmkarlar ittifaqı fəalı olan tələbələr üçün “yay məktəbi”nin təşkil edilməsi ənənə halını alıb. Builki “yay məktəbi” “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu il ərzində respublikamızda müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərin əsas məqsədi ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, ətraf mühitin sağlamlaşdırılması, təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadə və bu kimi mövzularda müzakirələrin aparılmasıdır. Həmçinin bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu tədbirdə də bütün dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
A.Paşayev qeyd edib ki, dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində fərd olaraq hər birimiz öz vətəndaşlıq vəzifələrimizi məsuliyyətlə yerinə yetirməliyik.
Sonra konfransda tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalı olan tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini veriblər.
“Yay məktəbi” çərçivəsində həmçinin tələbələr üçün müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib.