Azərbaycan Texniki Universitetinin (AzTU) “AzMobility” komandası 5-8 sentyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “TEKNOFEST-2024”də “Ağıllı (smart) işıqfor” layihəsi ilə təmsil olunub. “AzMobility” komandasının tərkibinə Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, institutun əməkdaşları Turan Verdiyev, Ülvi Cavadlı, Röyal Allahverdiyev, AzTU-nun doktorantı Nuru Daşdəmirli daxildir.
Komandamız “TEKNOFEST-2024”in “Ağıllı (smart) nəqliyyat” yarışmasında “Universitet və daha yuxarı səviyyə” kateqoriyasında final mərhələsində iştirak edib. Layihənin əsas məqsədi yol ayrıclarında ləngimə vaxtlarının minimuma endirilməsi üçün müasir informasiya texnologiyalarının səmərəli tətbiqidir. Komandanın təqdim etdiyi layihə ANFAŞ Antalya expo mərkəzini ziyarət edən çoxsaylı izləyici tərəfindən maraqla qarşılanıb. “AzMobility” komandası “Ağıllı (smart) nəqliyyat” yarışmasının final mərhələsində rəqabət aparan 19 komandadan biri olub. Bu mərhələdə AzTU-nun “AzMobility” komandası ilə birlikdə ölkəmizi ümumilikdə 3 komanda təmsil edib.
Qeyd edək ki, "Ağıllı (smart) nəqliyyat" yarışmasının qalibləri yaxın həftələrdə məlum olacaq. Yarışmanın qaliblərinin mükafatlandırma mərasimi oktyabr ayında Türkiyənin Adana şəhərində keçiriləcək.