Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin Cənubi Qafqaz ölkələrindən olan DAAD Alumni/Səfirləri üçün Gürcüstanın Tsinandali şəhərində regional görüşü təşkil edilib.
Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru prof. Sübhan Namazov, Maşınqayırma texnologiyası kafedrasının müdiri prof. Nizami Yusubov və Alman mühəndislik fakültəsinin dekanı dos. Ərəstun Məmmədov iştirak edib.
Tədbir ali təhsilin beynəlmiləlləşdirilməsi üçün Almaniya və Cənubi Qafqaz ölkələrinin ali təhsil müəssisələri arasında mövcud əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına xidmət edən DAAD-nin institusional əməkdaşlıq proqramları ilə yaxından tanış olmaq, region universitetlərini maraqlandıran təhsil, tədqiqat və elm sahələrində mövcud çağırışlar, ali təhsilin inkişafı üçün vacib məsələləri müzakirə etmək məqsədilə təşkil edilib.
Sözügedən məsələlər alman universitetlərinin Cənubi Qafqaz ölkələri universitetləri ilə mövcud və ya artıq yekunlaşdırılmış layihələri üzərindən praktiki misallara əsaslanan təqdimatlarla müzakirə olunub.
Görüşdə həmçinin 2024-cü ilin oktyabrın 19-21-də Tbilisidə keçirilməsi planlaşdırılan DAAD Alumni/Məzunları üçün Cənubi Qafqaz regional tədbirinə hazırlıq, tədbirin yüksək səviyyədə təşkili üçün təkliflərin verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, oktyabrda Tbilisidə keçiriləcək DAAD Alumni/Məzunları üçün Cənubi Qafqaz regional tədbirinə AzTU-nun əməkdaşlıq edəcəyi planlaşdırılan alman universitetlərindən nümayəndələrin cəlb edilməsi də təklif edilib.