Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının müdiri professor İsa Xəlilov, Sənaye Dizaynı və Texnologiyaları İnstitutunun direktoru dosent Manafəddin Namazov, Xüsusi texnologiya və avadanlıqlar kafedrasının professoru Rasim Bəşirov, Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının dosenti İmran Yolçuyev, Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının baş müəllimi Şəbnəm İsmayılova, Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının müəllim köməkçisi İlkin Əliyev mübadilə proqramı ilə İstanbulda səfərdə olublar.
Səfər çərçivəsində nümayəndə heyəti İstanbul Texnik Universiteti (İTÜ), Yıldız Texnik Universiteti, Elektrik Elektronik Mühəndisləri İnstitutunun Türkiyə bölməsi və Türk Mühəndis və Memarlar Birliyinin Maşın Mühəndisləri Palatasında görüşlər keçirib.
İTÜ rektoru professor Hasan Mandal və Maşın mühəndisliyi fakültəsinin professor-müəllim heyəti ilə görüşdə birgə elmi araşdırmaların aparılması, gənc müəllimlər üçün sertifikat proqramlarının açılması, eləcə də birgə rəhbərliklə doktorantların hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
AzTU nümayəndə heyəti həmçinin İTÜ-nün Maşın mühəndisliyi, Avtomatika və idarəetmə fakültələrinin laboratoriyaları ilə yaxından tanış olub. Burada AzTU-nun “Machine Science” beynəlxalq elmi jurnalının tanıdılması və bu jurnala yüksək keyfiyyətli məqalələrin cəlb edilməsi, bundan başqa yüksək impakt faktorlu elmi jurnallarda birgə məqalələrin dərc olunması perspektivləri müzakirə edilib.
AzTU nümayəndə heyəti Yıldız Texnik Universitetinə səfər çərçivəsində Maşın mühəndisliyi və Mexatronika kafedralarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Elektrik Elektronik Mühəndisləri İnstitutunun Türkiyə bölməsində görüş zamanı IEEE sisteminin strukturu, üzvlük imkanları və üzvlərin elmi, texniki və tədris materiallarına çıxış üstünlükləri barədə ətraflı məlumat verilib.
Türk Mühəndis və Memarlar Birliyinin Maşın Mühəndisləri Palatasında görüş zamanı Türkiyənin bu sahədə təcrübəsi ətraflı şəkildə öyrənilib. Həmçinin Türkiyə modelinə əsaslanaraq Azərbaycanda Maşın Mühəndisləri Palatasının yaradılması imkanları haqqında fikir mübadiləsi aparılıb.