Pakistana səfər çərçivəsində AzTU rektoru Vilayət Vəliyev və beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovla görüşüblər. Görüşdə səfirliyin və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) nümayəndələri də iştirak edib.
Səfir Xəzər Fərhadov səfirliyin fəaliyyəti, həmçinin qardaş ölkələr Pakistan və Azərbaycanın dostluğu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı barədə geniş məlumat verib.
Eyni zamanda o, bütün sahələrdə olduğu kimi, ali təhsil sahəsində də iki qardaş ölkə arasında əməkdaşlığın genişləndirilməsini, ölkələrin ali təhsil müəssisələrinin tədris və tədqiqat sahəsində birgə fəaliyyətlərinin qarşılıqlı faydalılığı baxımından vacibliyini vurğulayıb. Bu sahədə də səfirliyin hərtərəfli və geniş iş apardığını diqqətə çatdırıb.