Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə 11-ci Avrasiya Ali Təhsil Sammiti (EURIE 2026) keçirilib. Ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməyi və şəbəkələşməni genişləndirməyi hədəfləyən mühüm platforma olan sammitdə bu il 64 ölkədən 370 qurum və 2000 ziyarətçi iştirak edib.
Sammitdə beynəlmiləlləşmə strategiyaları, ali təhsildə keyfiyyət, rəqəmsallaşma, dayanıqlılıq və qlobal akademik əməkdaşlıq kimi mövzular müzakirə olunub.
Ali təhsil sahəsində yeni tərəfdaşlıqların qurulmasına və mövcud əməkdaşlığın dərinləşməsinə töhfə verən bu platformada Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Beynəlxalq əməkdaşlıq və mübadilə sektorunun müdiri Mənzər Məmmədli təmsil edib.
Sammit çərçivəsində təşkil edilən universitetlərin sərgisində AzTU-nun stendi nümayiş olunub. Sərgi zamanı müxtəlif universitetlər və təşkilatlarla əməkdaşlıq imkanları, tələbə və müəllim mübadiləsi ilə bağlı müzakirələr aparılıb.