Mayın 31-də "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib.
“Gələcəyimizi qoruyaq!” adlı tədbirdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev narkomanlığa qarşı mübarizədə daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, cəmiyyəti məhv edən bu bəladan xilas olmaq üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti hiss etməli, xüsusilə gənclər bu mövzuda daha ayıq-sayıq olmalı və ən başlıcası özlərini qorumağı bacarmalıdırlar.
Daha sonra çıxış edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu 2021-2022-ci illərdə vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə, “802 qaynar xətt” zəng xidmətinə, eləcə də nazirliyin müvafiq sosial şəbəkə səhifələrinə daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyatların nəticələri barədə danışıb. O, həmçinin bu əməliyyatlarla yanaşı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.