Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Bakı Mühəndislik Universiteti (BMU) və Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə Elmi cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə AzTU-da görkəmli alim və ictimai xadim akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş seminar keçirilib.
Tədbir iştirakçılarını salamlayan AzTU TEC sədri Şərəfxanım Əliyeva akademik Yusif Məmmədəliyevin Azərbaycanda kimya elminin inkişafı ilə yanaşı, tələbə dərnəklərinin formalaşdırılmasına da töhfə verdiyini bildirib. Şərəfxanım Əliyeva görkəmli alimin elmdə əldə olunan yeniliklərin sənayedə tətbiq olunmasında xüsusi rolunu da qeyd edib.
Seminarda akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən "Zamanın zirvəsi" sənədli filmi nümayiş etdirilib.
Daha sonra çıxış edən Maşınqayırma və metallurgiya fakültəsinin dekanı Malik Qarayev akademik Yusif Məmmədəliyevin təkcə Azərbaycanın deyil, dünya kimya elminin inkişafında da misilisiz rol oynadığını bildirib.
Seminarda Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Günay Heydərli, AzTU-nun Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının əməkdaşları – Nəcibə Şirinova və Qumru Zaidova Yusif Məmmədəliyevin həyat və yaradıcılığı, əldə etdiyi nailiyyətlər haqqında geniş təqdimat ediblər.
Tədbirdə çıxış edən AzTU tələbələri Roza Almədətli və Aişə Məmmədova Yusif Məmmədəliyev irsinin tələbələrin təhsilində rolu və elmi-tədqiqat fəaliyyətinə təsiri mövzusunda çıxış ediblər.
Sonda tədbir iştirakçıları AzTU-nun elmi-tədqiqat laboratoriyaları və Kitabxana İnformasiya Mərkəzi ilə tanış olublar.