16–19 iyun 2025-ci il tarixlərində İstanbulda keçirilən və dünya üzrə nüfuzlu “Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən təşkil olunan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə (Global Sustainable Development Congress – GSDC) Azərbaycan Texniki Universiteti (AzTU) öz təmsilçiliyini uğurla həyata keçirir.
Konqresdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə ölkəmizin 12 aparıcı ali təhsil müəssisəsindən ibarət 50 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Azərbaycan pavilyonunda universitetlər dayanıqlı inkişaf sahəsində həyata keçirdikləri uğurlu təşəbbüslərini, layihələrini və tədqiqat nəticələrini beynəlxalq elmi ictimaiyyətə təqdim edirlər.
Bu mühüm beynəlxalq platformada AzTU yeni əməkdaşlıqlar qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı qazanır, eləcə də universitetin dayanıqlı inkişafı istiqamətindəki səylərini daha geniş auditoriyaya çatdırır.
Konqresdə iştirak AzTU-nun beynəlxalq elmi şəbəkələrdə aktivliyini artırır və dayanıqlı inkişaf sahəsindəki mövqeyinin möhkəmlənməsi üçün önəmli fürsət yaradır. Eyni zamanda, AzTU-nun bu mühüm tədbirdə iştirakı onun qlobal elmi inkişaf proseslərində fəal rolunu və dayanıqlı inkişaf istiqamətində davamlı səylərini təsdiqləyir.