Azərbaycan Texniki Universitetinin (AzTU) təşəbbüsü ilə sentyabrın 24-də “ADEX 2024” sərgisi çərçivəsində "Müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırma: perspektivlər və çağırışlar" mövzusunda panel müzakirəsi keçiriləcək. Panel müzakirəsinə AzTU rektoru Vilayət Vəliyev moderatorluq edəcək.
Bir saat nəzərdə tutulan panel müzakirədə Azərbaycan Milli Aviasiya Akademiyasının Yeni texnologiyalar üzrə prorektoru Xəqani Abdullayev, Türk Aerokosmik Sənayesinin beynəlxalq proqramlar üzrə məhsul meneceri Yasin Kaygusuz, AzTU-nun Sənaye Sistemləri və Kibertəhlükəsizlik İnstitutunun direktoru Manafəddin Namazov, Milli Müdafiə Universiteti nəzdində Hərbi İdarəetmə İnstitutunun rektor müavini Əsəd Rüstəmov və Müdafiə Sənayesi Nazirliyi nəzdində Milli Aerokosmik Agentliyinin Məsafədən zondlamanın optik elektron cihazları şöbəsinin müdiri Günel Əliyeva təqdimatla çıxış edəcək. Paneldə müdafiə sənayesi və avtomatika sahəsində görüləcək işlər, ən son trendlər, universitet-sənaye işbirliyi, etik və təhlükəsizlik kimi məsələlər də müzakirə olunacaq.
Qeyd edək ki, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.