Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə “Zəfər turniri” idman yarışlarının bağlanış və mükafatlandırılma mərasimi keçirilib. Turnirin keçirilməsində əsas məqsəd ittifaq üzvlərinin sağlamlıqlarının müdafiəsi, tələbələr və əməkdaşlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirməkdir.
8 Noyabr – Zəfər Günü münasibətilə AzTU-nun əməkdaş və tələbələri arasında keçirilən turnirin bağlanış mərasimində əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən AzTU-nun maliyyə-təsərüfat işləri üzrə prorektoru Rəşad Əliyev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Zəfər Gününün tarixi, tarixi qələbəmizin əhəmiyyəti, gənc nəslin milli ruhda tərbiyəsi, əməkdaş və tələbələrin sağlamlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıblar.
Daha sonra mükafatlandırılma mərasimi keçirilib. Qeyd edək ki, turnirdə 5 idman növü (futzal, voleybol, şahmat, dama, stolüstü tennis) üzrə AzTU-nun 250-dən çox əməkdaşı mübarizə aparıb. Tələbələr isə 7 idman növü (stolüstü tenis, şahmat, futbol, voleybol, basketbol, sərbəst güləş və dama) üzrə qüvvələrini sınayıb.
Qaliblərə AzTU, HİK və THİK tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
“Zəfər turniri”nin əməkdaşlar arasında ümumi komanda hesabında qalibləri Maliyyə və təminat departamenti (1-ci yer), Maşınqayırma və robototexnika fakültəsi (2-ci yer), Nəqliyyat və logistika fakültəsi (3-cü yer) olub.
“Zəfər turniri”nin tələbələr arasında ümumi komanda hesabında qalibləri isə Xüsusi texnika və texnologiya (1-ci yer), İnformasiya və telekommunikasiya texnologiyaları (2-ci yer) və Maşınqayırma və robototexnika fakültəsi (3-cü yer) olub.