Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 2025/2026-cı tədris ilinə hazırlıq çərçivəsində geniş tərkibdə iclası keçirilib.
AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. O, fakültədə tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən danışıb, fakültənin müdafiə sənayesi kimi strateji əhəmiyyətli bir sahəyə kadr hazırlamasının önəmini vurğulayıb. Nurəli Yusifbəyli bu istiqamətdə fəaliyyətlərin daha intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib və fakültəyə yeni tədris ilində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Xüsusi texnika və texnologiya fakültəsinin dekanı dosent Yadullah Babayev fakültədə aparılan tədris prosesinin beynəlxalq fənn proqramları səviyyəsinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. O, fakültədə tədris olunan fənlərin hər birinin əhəmiyyətinə toxunb, fənlərin ixtisaslarla uyğunluğunun daha da artırılmasının zəruriliyini bildirib. Həmçinin tələbələrin əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssislər kimi hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Fakültənin tədris işləri üzrə dekan müavini texnika üzrə fəlsəfə doktoru Qoşqar Rəsulov ötən tədris ilində əldə olunan nəticələr, fakültəyə yeni qəbul olunan bakalavr və magistr tələbələrin sayı, həmçinin yeni tədris ilində gözləntilər barədə geniş təqdimatla çıxış edib.
Sonda fakültədə tədris aparan müəllimlərin fikirləri dinlənilib və bu kimi iclasların davamlı olmasının əhəmiyyəti qeyd edilib.