Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Quacquarelli Symonds” (QS) reytinq agentliyinin “Ali Təhsil Pre-sammiti: Asiya regionu 2024” tədbirində iştirak çərçivəsində Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşən qabaqcıl universitetlərdə işgüzar səfərdə olub. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil olunub.
Səfərin əsas məqsədi AzTU-nun Qazaxıstanın beynəlxalq reytinqlərdə, xüsusilə “Quacquarelli Symonds” (QS), habelə digər qlobal və regional universitet reytinqlərində yüksək mövqedə olan universitetləri ilə əməkdaşlıqların genişləndirilməsi, tədqiqat və təhsil layihələrinin yerinə yetirilməsi sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsindən ibarət olub.
Rektor Vilayət Vəliyev Almatı Energetika və Telekommunikasiya Universiteti, K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektorları və digər rəhbər heyəti ilə görüşlər zamanı AzTU barədə təqdimatla çıxış edərək ikitərəfli tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, birgə elmi məqalələrin nəşri, magistrant və doktorantlar üçün ikili elmi rəhbərliklərin reallaşdırılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Tərəflər hər bir universitetin xüsusiyyətlərinə uyğun gələcək fəaliyyətlərlə bağlı yol xəritəsinin hazırlanması barədə razılığa gəlib. Qazaxıstan universitetlərinin rektorları AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Səfər çərçivəsində AzTU ilə Almatı Energetika və Telekommunikasiya və K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetləri arasında ikitrəfli Anlaşma Memorandumları imzalanıb. Tərəflər iki və çoxtərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.