Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Qarabağ qazisi Kamil Musavi və marketinq mütəxəssisi Orxan Şahbazın tələbələrlə görüşü keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sual-cavab formatında keçən görüşdə qonaqlar AzTU tələbələrinin çoxsaylı suallarını cavablandırıb. Qonaqlara ünvanlanmış suallar əsasən vətənpərvərlik, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Qarabağın dirçəlməsi, Azərbaycan gəncliyinin nailiyyətləri, müxtəlif sahələrdə hazırlanan peşəkar kadrların cəmiyyətə təqdimat forması, insanlarda yüksək dəyər formalaşdırmağın yolları və s. kimi mövzuları əhatə edib.
Qarabağ qazisi Kamil Musavi bildirib ki, insanların əksəriyyəti vətənpərvərliyi əsasən hərbi geyimdə, döyüş meydanında iştirakda, bayraqla çəkilən fotolarda görür. Əslində isə vətənpərvərlik hər kəsin həyat tərzinə çevrilməlidir: “İstəyirəm gənclər anlasın ki, biz sadəcə müharibə vaxtı deyil, hər gün səmimi-qəlbdən vətənpərvər olmalıyıq, sözümüzlə, əməlimizlə, işimizlə, xalqa vicdanla xidmət etməyimizlə örnək olmalıyıq bir-birimizə, əksi sadəcə görüntü yaratmaqdır”.
Marketinq mütəxəssisi Orxan Şahbaz gəncləri hər zaman inkişaf etməyə, öz üzərində çalışmağa, individual olaraq özünü sorğulamağa dəvət edib: “Əksər insanlar hər şeydən şikayətlənir, heç kim də sual vermir ki, nə qədər bilikli və bacarıqlıyam, bugünkü əmək bazarına nə qədər uyğunlaşa bilmişəm, biliyimi “satmağı” bacarırammı? Hamınıza tövsiyə edirəm ki, biliyinizi biznesə çevirəcək bacarıqlara yiyələnin”.