Naxçıvan Dövlət Universitetində “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfrans Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU), Özbəkistanın Daşkənd Dövlət Texniki Universiteti, Malayziyanın Asya Pasifik Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkilatçılığı, bir sıra xarici və respublika universitetlərinin iştirakı ilə hibrid formada keçirilib.
İki gün davam edəcək konfransın əsas məqsədləri süni intellekt və maşın öyrənməsi sahəsindəki ən son tədqiqat və texnoloji yenilikləri təqdim etmək, müxtəlif sahələrdə real tətbiq nümunələrini nümayiş etdirməkdir. Eləcə də konfrans məlumatın keyfiyyəti, modelin izah edilə bilməsi, miqyaslana bilməsi kimi əsas məsələləri araşdırmaq, süni intellekt dövründə inkişafı dəstəkləmək üçün akademiya, sənaye və hökümət arasında əməkdaşlığı təşviq etməyə hədəflənib.
Açılış nitqi ilə çıxış edən NDU-nun rektoru Elbrus İsayev konfransı aktual və müzakirəsi zəruri olan süni intellekt yönündə tədqiqatçıları, sahə mütəxəssislərini, alimləri bir araya toplayan mühüm beynəlxalq forum adlandırıb.
AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edərək vurğulayıb ki, 13 ölkədən 200-ə yaxın məqalənin daxil olduğu konfrans qlobal əhəmiyyətli mövzuya həsr olunub. İlkin mərhələdə 135 məqalə seçilib, bu məqalələr dəyərləndirildikdən sonra müxtəlif beynəlxalq elmi platformalarda çap olunacaq. Vilayət Vəliyev bildirib ki, konfransda geniş coğrafiyadan iştirakçılar var və tədbirin uğurla təşkili də böyük məsuliyyət, həmçinin peşəkarlıq tələb edir. Bu mənada Naxçıvan Dövlət Universitetinin belə mühüm tədbirə ev sahibliyi təqdirəlayiqdir. Süni intellekt və maşın öyrənməsi yalnız avtomatlaşdırmanı və qərarvermə proseslərini təkmilləşdirmir, eyni zamanda insanların məlumatlarla, sistemlərlə və bir-birləri ilə qarşılıqlı əlaqə yaratmaq tərzini də dəyişdirir. Rektor deyib ki, mühüm akademik dəyərləndirmələri bir araya toplayan konfrans, süni intellekt yönündə yeni təşəbbüslərin də ortaya çıxmasına imkan verən olduqca önəmli patformadır.
Düzcə Universitetinin rektoru Nedim Sözbir konfransda iştirakdan məmnunluğunu ifadə edib, burada yeni ideyaların paylaşılması, problemlərin müzakirəsi və mühüm yeniliklərin təşviqi yönündə önəmli fikirlər səslənəcəyinə əminliyini bildirib.
MDU-nun rektoru Anar Eminov çıxışında Naxçıvan Dövlət Universitetinin süni intellektlə bağlı maarifləndirmə işində ölkədə nümunəvi ali təhsil müəssisələrindən olduğunu vurğulayıb, konfransın tədqiqatçıların bilik və təcrübələrini bölüşməsi, yeni tədqiqat istiqamətlərinin təməlinin qoyulması baxımından olduqca əhəmiyyətli tədbir olduğunu deyib. Təqdim olunan məqalələrin tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasına dəstək olmaq baxımından əsaslı mənbə olacaqlarını bildirib.
Daha sonra NUST-ın prorektoru Osman Həsən “Süni intellekt sistemləri vasitəsilə neyromorfik davamlı öyrənmə üçün effektiv təkrar yaddaşa əsaslanan metodologiya”, Budapeşt Korvinus Universitetinin Maliyyə İnstitutunun direktoru Kata Varadi “Mürəkkəb svop opsionlarının qiymətləndirilməsində süni intellektdən istifadə”, Belarusiya Dövlət İnformatika və Radioelektronika Universitetinin kafedra müdiri Boiprav Olga “Materialların mikrodalğadan qorunma effektivliyini proqnozlaşdırmaq üçün fizika-əsaslı neyron şəbəkələrə əsaslanan müasir yanaşma” mövuzlarında çıxış ediblər. Məruzələrdə daha ağıllı, daha səmərəli və daha inklüziv rəqəmsal gələcək qurmağa töhfə verəcək uzunmüddətli tərəfdaşlıqlara və innovativ fikirlərə ilham verməyi əsaslandıran çağırışlara diqqət çəkilib.
Sonra qonaqlar NDU-da İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Konfrans plenar iclaslarla davam edir.