Mobil operator Nar ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərə başladı. Narın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçirilən təlimlər seriyası, ilk olaraq, Azərbaycan Texniki Universitetində (AzTU) start götürdü.
Narın İnsan qaynaqları departamentinin peşəkar heyəti tərəfindən hazırlanan təlim proqramı texniki ixtisaslar üzrə təhsil alan tələbələrə rabitə sahəsi üzrə karyera perspektivləri, işə qəbul prosesi, real iş həyatında tələb olunan bacarıqlar barədə bilikləri əhatə edir. Semestr ərzində iki mərhələdə keçiriləcək təlim ümumilikdə 40 iştirakçını əhatə edir.
Təlimdən öncə Narın baş icraçı direktoru Özgür Genc tələbələrlə görüşdü. Özgür Genc müasir dünyada texniki ixtisasların aparıcı rolunu vurğulayaraq hazırda bu sahənin peşəkarlarına hər zaman olduğundan daha artıq ehtiyac olduğunu bildirdi.
Qeyd edək ki, Nar Azərbaycanın rabitə bazarına peşəkar kadrların hazırlanması məqsədilə, paytaxt və regionlarda fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq edir və bu çərçivədə universitetin tələbələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı layihələr həyata keçirir.