Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Görüşün məqsədi kimya və kimya mühəndisliyi istiqamətləri üzrə çalışan professor-müəllim heyəti, magistr və doktorantlarla birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, eləcə də bu sahədə birgə təlim proqramları və “bootcamp”ların təşkili ilə bağlı əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Rektor Vilayət Vəliyev Müdafiə Sənayesi Nazirliyi ilə AzTU arasında mövcud səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi ilə əlaqələrin genişləndirilməsi, xüsusilə Xüsusi texnika və texnologiya fakültəsinin MSN-in müəssisələri ilə birgə fəaliyyətinin gücləndirilməsi mühəndis kadrların hazırlığı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri universitet-sənaye əməkdaşlığı çərçivəsində AzTU ilə birgə həyata keçirilən layihələrin önəmini vurğulayıblar. Onlar MSN tərəfindən yaxın müddətdə həyata keçirilməsi nəzərdə tutulan yeni elmi və innovativ layihə haqqında geniş məlumat veriblər.
Görüşdə hər iki tərəf layihənin məqsədi, qarşıya qoyulan hədəflər və gələcək əməkdaşlıq istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıb.
Sonda layihəyə yaxın vaxtlarda birgə start verilməsi razılaşdırılıb.