Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Mingəçevirdə AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihənin açılış tədbiri keçirilib

Mingəçevirdə AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihənin açılış tədbiri keçirilib

13.04.2023     648     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” proqramının “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan - ENGAGE) layihəsinin açılış mərasimi keçirilib.

Layihənin koordinatoru Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı keçirilən tədbirdə tərəfdaş universitetlərin rəhbərləri iştirak edib.  

Tədbirdə AzTU-nu rektor Vilayət Vəliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva təmsil edib. 

Mərasimdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 2023-2025-ci illəri əhatə edən sözügedən beynəlxalq layihənin əsas gözləntilərindən bəhs edib. Bildirib ki, layihə ölkəmizin müvafiq universitetlərində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyır.

Tədbirdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycanda “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, layihə çərçivəsində tərəfdaş yerli ali təhsil müəssisələrinin rəhbərləri Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi Zəfər Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Şəbnəm Məmmədzadə çıxış ediblər.

Çıxışlarda MDU-nun koordinatorluğu ilə icra olunacaq beynəlxalq layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifadə edən rektorlar region universitetinin bu təşəbbüsünü yüksək dəyərləndirib, müasir dövrdə ali təhsildə sahibkarlıq yanaşmasının aktuallığından söhbət açıb, birgə layihənin qazandıracağı təcrübələrin əhəmiyyətini vurğulayıb və layihənin işinə uğurlar arzulayıblar.

Estoniya, İsveç, Portuqaliya, İspaniya və Polşanın 5 aparıcı universitetini təmsil edən xarici qonaqlar çıxışlarında Mingəçevir şəhərində və belə bir layihənin tərəfdaşları arasında olmaqdan məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat verən avropalı mütəxəssislər, layihə çərçivəsində öz müsbət təcrübələrini benefisiar qurumlarla bölüşəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul olunub. Layihə Avropa İttifaqının 5 ölkəsini təmsil edən tərəfdaş universitetlərin müvafiq sahədəki təcrübəsinin öyrənilməsini və bu təcrübədən fayda əldə olunmasını nəzərdə tutur. Layihə çərçivəsində tərəfdaş yerli universitetlərin və qurumların əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcək. 36 ay ərzində icra ediləcək layihənin ümumi büdcəsi 800 min Avrodur. Layihədə 4-ü region universiteti olmaqla, ümumilikdə ölkəmizin 11 aparıcı dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan HR İnstitutu layihənin qeyri-universitet tərəfdaşlarıdır. Avropa İttifaqı layihədə Lissabon Universiteti (Portuqaliya), Kataloniya Politexnik Universiteti (İspaniya), KTH Kral Texnologiya Universiteti (İsveç), Tallin Texnologiya Universiteti (Estoniya) və WSG Universiteti (Polşa) ilə təmsil olunur.

 

 

Digər xəbərlər