İspaniya Krallığının Elm, İnnovasiyalar və Universitetlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin Beynəlmiləlləşməsi üzrə İspan Xidmətinin (SEPIE) nümayəndəsi Ana Kornexo Roman və İspaniyanın Jaen Universitetinin beynəlmiləlləşmə üzrə prorektoru Karmen Konti-Ximenez ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqları İspaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri müşayiət edib.
Qonaqları salamlayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov universitetdə tədris, tədqiqat, beynəlxalq əməkdaşlıq və reytinqlər istiqamətində görülən işlərdən danışıb. O, həmçinin AzTU-nun İspaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlığı barədə qonaqları məlumatlandırıb.
SEPİE-nin nümayəndəsi Ana Kornexo Roman təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək İspaniya və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş zamanı AzTU-nun İspaniya ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsinin perspektivləri müzakirə edilib.