Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Ekoloji düşüncə məktəbdən başlayır – daha bir qrup şagird AzTU-da yaşıl missiyaya qoşuldu

Ekoloji düşüncə məktəbdən başlayır – daha bir qrup şagird AzTU-da yaşıl missiyaya qoşuldu

23.05.2025     66     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Ömürboyu Öyrənmə Məktəbinin nəzdində fəaliyyət göstərən MGP Qrupu tərəfindən həyata keçirilən plastik tullantıların təkrar emalı və 3D printerlər üçün filament istehsalı təşəbbüsünə növbəti dəstək Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdlərindən gəlib.

Səfər çərçivəsində şagirdlər topladıqları plastik butulkaları AzTU-ya gətirərək MGP Emalatxanasına təhvil verib. Şagirdləri sinif rəhbərləri Ləman Babayeva və biologiya, eyni zamanda steam dərsi tədris edən Ofeliya Həzərxanova müşayiət edib.

Görüş zamanı məktəblilər plastik tullantıların çeşidlənməsi, emal olunması və 3D printerlər üçün filamentə çevrilməsi prosesini yerində izləyib. MGP mühəndisləri şagirdlərə bu sahədə istifadə olunan müasir texnologiyalar, proqram təminatları və istehsal mərhələləri barədə ətraflı məlumat verərək onların çoxsaylı suallarını cavablandırıblar.

Şagirdlər burada yalnız ekoloji layihə ilə deyil, eyni zamanda PUA (pilotsuz uçuş aparatları) texnologiyaları ilə də tanış olub. Onlara bu sahədə həyata keçirilən mühəndislik layihələri, aerodinamik dizayn prinsipləri və idarəetmə sistemləri nümayiş etdirilib.

Bu təşəbbüs məktəblilər arasında mühəndislik və texnologiyaya marağın artırılmasına, eləcə də ətraf mühitin qorunmasına dair şüurlu yanaşmanın formalaşdırılmasına xidmət edir. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın layihəyə qoşulması gənc nəslin ekoloji düşüncə və texnoloji bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsi baxımından mühüm addımdır.

Layihələr nəticəsində şagirdlər ətraf mühiti qorumağın yalnız vəzifə deyil, eyni zamanda innovasiya və texnologiya ilə birləşən yaradıcı bir proses olduğunu dərk edirlər.

Plastik tullantıların emalı sadəcə texniki bir proses deyil –  həm də gənclərin düşüncəsində yeni baxış bucağının formalaşmasına, məsuliyyətli və gələcək yönümlü vətəndaş olmaq yolunda mühüm bir addıma çevrilir.


Digər xəbərlər