Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin ilk iclası keçirilib. İclasda komitənin funksiyaları, sədrliyə namizədliyə dair tələblər, idarə heyəti sədrinin seçilməsi qaydaları tərəfdaşlara təqdim edilib. Tərəfdaşların rəyləri əsasında qaydalara müvafiq düzəlişlər edildikdən sonra idarə heyətinin sədri vəzifəsinin tutulması üçün universitetlər üzrə 16 namizədin adı irəli sürülüb.
Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik işlər üzrə prorektoru Eldar Aslanov 68.8% səs çoxluğu ilə idarə heyətinin sədri seçilib.
Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və Odlar Yurdu Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov səs çoxluğu ilə Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin sədr müavinləri seçiliblər.
Komitənin ilk iclasında Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edib, layihənin işinə uğurlar arzulayıb.