Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə yeni tədris ilinə hazırlıq çərçivəsində bir sıra prioritet məsələlər, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlmiləlləşmə səviyyəsinin artırılması və digər istiqamətlər müzakirə olunub.
Agentliyin direktoru Ülkər Səttarova qeyd edib ki, bu məsələlər universitetlərin qlobal miqyasda nüfuzunun möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Rektor Vilayət Vəliyev isə universitetin strateji inkişaf planı, qarşıya qoyulan məqsədlər və nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib.
Həmçinin görüş zamanı qabaqcıl elmmetrik alətlərdən istifadə, əcnəbi müəllim və tələbələrin sayının artırılması, beynəlxalq təhsil qrantları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan tələbələrin dəstəklənməsi, nüfuzlu beynəlxalq akademik tədbirlərdə iştirak, eləcə də AzTU-nun nəzdində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.