Çinin Pekin Kimya Texnologiyaları Universitetinin Beynəlxalq təhsil məktəbinin sədri Li Qifangın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Nümayəndə heyətində Materialşünaslıq və Mühəndislik Kollecinin dekan müavini Li Xiaofeng, Tədris işləri şöbəsinin direktor müavini Hou Hong, Xarici işlər şöbəsinin direktoru Zhang Shuai təmsil olunub.
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Rektor Vilayət Vəliyev universitetdə elm və tədqiqat sahəsində görülən işlər, həyata keçirilən ikili diplom proqramları və layihələr, eləcə də AzTU-nun Azərbaycanın təhsil sahəsinə gətirdiyi yeniliklər barədə qonaqlara ətraflı məlumat verib.
Pekin Kimya Texnologiyaları Universitetinin nümayəndələri də öz növbəsində universitet haqqında geniş təqdimatla çıxış ediblər.
Görüşdə iki universitet arasında materialşünaslıq və biomühəndislik sahələrində ikili diplom proqramlarının həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq məqalə nəşri, təcrübə proqramlarında iştirak, birgə konfransların təşkili, həmçinin, tələbə-müəllim mübadiləsi kimi bir sıra məsələlər müzakirə olunub.