Azərbaycan Texniki Universiteti (AzTU) ilə SOCAR arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri, həmçinin SOCAR-ın vitse-prezidentinin müavini Aytən Fərzəliyeva, İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəisi Ülkər Behbudova, SOCAR “Downstream Management”in İnsan resursları və biznes tərəfdaşlığı üzrə meneceri Nərmin Abdullayeva, həmçinin Baş ofisin İşə qəbul şöbəsinin rəisi Həmid İsrafilov iştirak ediblər.
Rektor Vilayət Vəliyev son illərdə AzTU-da həyata keçirilən layihələr və universitet-sənaye əməkdaşlığı çərçivəsində görülən işlər barədə məlumat verib. Görüşdə SOCAR-a daxil olan müəssisələrdə tələbələrin istehsalat təcrübəsinin təşkili, birgə elmi-tədqiqat layihələrinin icrası, müəllim və mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi, eləcə də seminar və təlimlərin birgə təşkili kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub.
SOCAR-ın vitse-prezidentinin müavini Aytən Fərzəliyeva şirkətin “Gənc istedadlar” proqramı, eləcə də universitetlər üçün yaradılmış imkanlar barədə məlumat verib. O, həmçinin AzTU məzunlarının SOCAR-da keçdikləri təcrübə proqramları və sonrakı işə qəbul göstəriciləri barədə məlumatları qeyd edib.
Görüşün sonunda tərəflər arasında qarşılıqlı əməkdaşlığı rəsmiləşdirmək məqsədilə anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.