Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin İstanbul şəhərində keçirilən ikigünlük Beynəlxalq Təhsil Sərgisində uğurla təmsil olunub.
Sərgidə AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Yüksək Təhsil İnstitutunun Magistr proqramları mərkəzinin rəhbəri Emin Abıyev, Beynəlxalq əlaqələr şöbəsinin Əcnəbi tələbələrin qəbulu sektorunun müdiri Zemfira Süleymanova və həmin sektorun aparıcı mütəxəssisi Xanım Ağadadaşova iştirak edib.
Səfərin ilk günü AzTU nümayəndə heyəti “International Community School” və “Koç School”u ziyarət edərək məktəb rəhbərliyi və şagirdlərlə görüşlər keçirib. Görüşlərdə universitetin ixtisasları, beynəlxalq proqramları, tədris imkanları və tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Səfərin ikinci günü nümayəndə heyəti Beynəlxalq Təhsil Sərgisində iştirak edib. Sərgi çərçivəsində AzTU nümayəndələri Türkiyədən və digər ölkələrdən olan abituriyentlər və onların valideynləri ilə birbaşa ünsiyyət quraraq universitetin tədris mühiti, texniki sahələrdəki güclü təməli, müasir laboratoriyaları və beynəlxalq əməkdaşlıqları barədə məlumat veriblər.
AzTU-nun stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və təqdimatlar yüksək qiymətləndirilib.