İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Səfərəli Səfərli elmi məqaləsi üzrə təqdimat keçirib.
AzTU tələbəsi konqresin panel sessiyasında “Süni intellekt naviqasiya və müşahidə sistemi (Artificial Intelligence Navigation and Observation System - A.I.N.O.S)” layihəsini təqdim edib. “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi fiziki formula əsasən işləyən süni intellekt barədə auditoriya iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, süni intellekt yer səthindən səmadakı göy cisimlərinin, ulduzların və peyklərin koordinatlarını müəyyən etməyə, izləməyə və onlar haqqında ekranda məlumat vermə qabiliyyətinə malikdir. Səfərəli Səfərlinin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Ölkəmizdən təqdim olunan elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb.