Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələrinin hazırladığı innovativ dron layihəsinin təqdimatı olub

AzTU tələbələrinin hazırladığı innovativ dron layihəsinin təqdimatı olub

15.05.2025     78     AzTU

Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və “EMEDIA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Gələcəyin səmasında Azərbaycan imzası" tədbiri keçirilib.

Tədbirdə dövlət nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbər heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbir AzTU tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı ilə yadda qalıb.

Əvvəlcə tədbir iştirakçıları foyedə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramını ifadə ediblər.

Tədbirin açılışında Ulu Öndərin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Sonra dronun əsas texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, tam avtoritar rejimdə fəaliyyət göstərə bilən dron kəşfiyyat təyinatlı kamera sistemi, kamikadze funksiyası, yüksək manevr qabiliyyəti və amortizatorlu təkərlərə malikdir. Aerodinamik quruluşu ilə sanki küləklərlə danışa bilən səssiz lakin iradəli bir varlıq kimi havada süzür. Dronun bütün proqram təminatı - süni intellektdən idarəetməyə qədər - tələbələrin öz intellekt məhsuludur.

Qeyd olunub ki, layihə Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısının, onun uzaqgörən siyasətinin bariz nəticəsidir. “H10” adının “Heydər Əliyev 10” kimi seçilməsi də təsadüfi deyil – bu, tələbələrin Ulu Öndərə olan dərin sevgisi və ehtiramının rəmzidir. Onlar bu layihə vasitəsilə yalnız texnoloji yenilik yaratmayıb, Ümummilli Lider Heydər Əliyevin gənclərə aşıladığı siyasəti yaşadaraq, onun ideyalarını real nəticələrə çeviriblər.

Layihədə əməyi keçən komanda üzvləri səhnəyə dəvət olunaraq ictimaiyyətə təqdim ediliblər: Layihə rəhbəri Rəşvin Şirəlizadə, mühəndis Anar Məmmədov, mexanik Adil Orucov, elektrik və elektronika mütəxəssisi İsmayıl Rəhimli, proqramçı Elmir Nəbiyev. 44 günlük haqq savaşımızda qazanılan şanlı Qələbədən ilhamlandıqlarını bildirən gənclər Vətən müharibəsində əldə edilən Zəfərdə qardaş ölkə Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının rolunun böyük olduğunu xatırladıblar. Bildirilib ki, müasir texnologiyaların tətbiqinin gətirdiyi üstünlükləri nəzərə alaraq iki ay əvvəl layihənin icrasına başlanılıb. Hazırladıqları dron haqqında danışan gənclər qeyd ediblər ki, kameraya xüsusi yazılmış proqramlar sayəsində çəkilişlər daha dəqiq və funksional şəkildə həyata keçirilir. Havadakı sabitliyi və uçuş dəqiqliyi özəl alqoritmlərlə tənzimlənir. Hərəkətləri zərif, amma qətiyyətlidir.

Sonra çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, Milli Məclisin deputatları – Jalə Əliyeva, Könül Nurullayeva, Aydın Mirzəzadə, Günay Ağamalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini Natiq Məmmədli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AzTU-nun prorektoru Rəşad Əliyev, “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev və başqaları Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və gənclər siyasətinin bu gün onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Elə həmin siyasətin nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı ölkə başçısının bir çağırışı ilə minlərlə gənc könüllü şəkildə cəbhəyə axışaraq Vətən uğrunda savaşa atıldı. Bu həm birliyin, həm liderə inamın, həm də vətənpərvərliyin ən ali nümunəsi idi.

Dron və PUA-ların İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların aparılmasında, Silahlı Qüvvələrin hücumuna dəstək verilməsində, yeni mövqelərin əldə olunmasında, həmçinin itkilərin minimuma endirilməsində Azərbaycana çox kömək etdiyini qeyd edən çıxışçılar gənclərin ərsəyə gətirdiyi texnologiyanı və onların peşəkarlığını yüksək dəyərləndirib, onun təkmilləşdirilməsi və yeni texnologiyaların hazırlanması istiqamətində təkliflərini verib, onların daha böyük uğurlar qazanacaqlarına əminliklərini ifadə ediblər.

Sonda komanda üzvləri fəxri fərmanlarla təltif olunublar.


Digər xəbərlər